Əsas məzmuna keç

Avtomobil xidmətlərində rəqəmsal inamınız İndi rezerv et

Yol mədəniyyəti

Faralarla Danışmaq: Sürücülər İşıq Siqnalları ilə Nəyi Bildirmək İstəyirlər?

Yolda sürücülər faralarla nə demək istəyirlər? İşıq siqnallarının mənasını öyrən, yol ...

Reklam sol
Faralarla Danışmaq: Sürücülər İşıq Siqnalları ilə Nəyi Bildirmək İstəyirlər?

Yollarda hər sürücünün öz dili var. Bəziləri siqnal verir, bəziləri əlini pəncərədən çıxarır, bəziləri isə faraları yandırıb-söndürməklə sanki Morze əlifbası ilə mesaj göndərir. Problem ondadır ki, bu mesajı göndərən də, qəbul edən də bəzən nə demək istədiyini tam bilmir!

Ən maraqlısı isə odur ki, bir çox sürücü avtomobilin işıq siqnallarından istifadə edir, amma onların düzgün istifadə qaydalarını ya bilmir, ya da bildiyi halda əməl etmir.

Gəlin görək, yollarda faraları yandırıb söndürməklə qarşı tərəfə hansı mesajları göndəririk

1. Faraları yandırıb-söndürmək: Xəbərdarlıqdır, yoxsa salamlaşma?

Qarşıdan gələn avtomobil faralarını iki dəfə yandırıb-söndürür. Siz isə dərhal düşünürsünüz:

“Qarşıda radar və ya polis var"

"Yolda qəza baş verib"

"Məni tanıyır”

Hər işıq siqnalını eyni cür başa düşmək düzgün deyil.

Ən maraqlısı odur ki, bəzi sürücülər faralarını elə yandırıb-söndürürlər ki, sanki avtomobil yox, disko idarə edirlər. 

İşıq siqnalı diqqət xəbərdarlığı ola bilər, amma yol hərəkəti qaydalarını əvəz etmir.

2. Uzun işıqlar: Qarşıdakı yolu göstəririk, yoxsa qarşı tərəfin gözünü...?

Gecə yolda hərəkət edirsiniz. Qarşıdan bir avtomobil gəlir və sürücüsü uzaq işıqları söndürməyi sanki özünə borc bilmir və ya anlamır.

Bəs problem nədir? Bəzi sürücülər uzaq işıqların nə vaxt dəyişdirilməli olduğunu bilmir, bəziləri isə bunu bilsə də, əməl etməyə tələsmir.

Sanki düşünürlər ki, yolu nə qədər çox işıqlandırsalar, bir o qədər təcrübəli sürücü kimi görünəcəklər. Halbuki qarşı tərəfin gözünü qamaşdırmaq nə peşəkarlıqdır, nə də yol mədəniyyətidir.

3. Arxadakı avtomobilin işıq siqnalları: Təcili nə baş verib?

Qarşıdakı avtomobil normal sürətlə hərəkət edir. Birdən arxadakı avtomobil faralarını yandırıb-söndürməyə başlayır. Sanki arxadan təcili xəbər gəlir!

Bəzi sürücülər bu üsulla öndəki avtomobilin diqqətini çəkməyə və ya yolun boşaldılmasını istəməyə çalışırlar. Elə sürücülər də var ki, sanki yol yalnız onların istifadəsi üçün ayrılıb və qarşıdakı hər kəs dərhal kənara çəkilməlidir.

Əlbəttə, işıq siqnalı qarşıdakı təhlükə barədə (məs: qarşıda sərt döngə və ya maneə) və ya yol istəmək üçün istifadə oluna bilər. Amma bu, digər sürücüyə təzyiq göstərmək və onu təhlükəli manevrə məcbur etmək vasitəsi deyil. Qarşıdakı avtomobilin sürəti və hərəkəti sizi qane etmirsə, bu, aqressiv davranmağa əsas vermir. Təəssüf ki, bəzi sürücülər sağ zolaq boş olduğu halda sol zolaqla hərəkət etməyə üstünlük verirlər. Sanki arxadan gələn sürücüləri görmür və ya nəzərə almırlar.

4. Qəza işıqları: Təşəkkür düyməsi, yoxsa xəbərdarlıq siqnalı?

Bəzi sürücülər onlara yol verildikdə qəza işıqlarını bir neçə saniyə yandıraraq təşəkkürlərini bildirirlər. Bu, sürücülər arasında rast gəlinən yaxşı bir vərdişdir.

Amma gəlin etiraf edək: bəzən qəza işıqlarının nə məqsədlə yandırıldığını anlamaq çətin olur. Avtomobil dayanıb, hərəkət edir, zolaq dəyişir, yoxsa sürücü sadəcə kiməsə təşəkkür edir?

Günümüzdə şəhər yollarında ən çox rast gəlinən problemlərdən biri də sürücülərin ikinci zolaqda avtomobili saxlayaraq qəza işıqlarını yandırıb ərazini tərk etmələridir. Sanki bu, tamamilə normal bir davranışdır. Halbuki belə hərəkətlər digər sürücülərin hərəkətinə mane olur və yol mədəniyyətinə ziddir.

Qəza işıqlarının əsas məqsədi xəbərdarlıqdır. Onlardan istifadə qaydalarını bilmək vacibdir. Bu işıqlar avtomobilin təhlükə yaratdığı və ya xüsusi vəziyyətdə olduğu barədə digər hərəkət iştirakçılarına məlumat vermək üçündür.

5. İşıq siqnalı ilə yol vermək: Bəs qaydalar harada qaldı?

Bəzən sürücü faralarını yandırıb-söndürür və qarşı tərəf bunu “buyur, keç” kimi başa düşür. Digər sürücü isə eyni siqnalı “dayan, keçmə” kimi qəbul edir. Nəticədə iki avtomobilin sürücüsü bir-birinə baxır və heç kim hərəkət etmir. Bu, yollarda baş verən ən maraqlı anlaşılmazlıqlardan biridir.

İşıq siqnalı avtomatik olaraq üstünlük vermir. Hərəkət etmək üçün yol nişanları, nişanlanma xətləri, yol hərəkəti qaydaları və real vəziyyət əsas götürülməlidir.

Yəni bir sürücünün farasını yandırması sizə avtomatik olaraq “yaşıl işıq” vermir. Ehiyatı hər zaman gözləyək.

6. Ən böyük problem: İşıq siqnallarını istifadə edirik, amma qaydalarını bilirikmi?

Əsl məsələ yalnız faralardan düzgün istifadə etməmək deyil. Daha böyük problem odur ki, bir çox sürücü avtomobilin işıqlandırma sistemindən istifadə qaydalarını ya kifayət qədər bilmir, ya da bildiklərinə əməl etmir.

Bəzən dönmə göstəricisi yandırılmadan zolaq dəyişdirilir, bəzən uzaq işıqlar qarşıdakı sürücünün gözünü qamaşdırır, bəzən isə işıq siqnalları xəbərdarlıq əvəzinə narazılıq bildirmək üçün istifadə olunur.

Dönmə göstəricisi elə bil avtomobilin ən böyük sirridir. Sürücü dönür, arxadakı isə yalnız avtomobilin hərəkətindən bunu təxmin etməli olur.

Sonra da yolda anlaşılmazlıqlar, əsəblər və lazımsız mübahisələr başlayır.

Yol hərəkətində əsas məsələ yalnız avtomobil idarə etmək deyil, digər sürücülərin də təhlükəsiz hərəkət etməsinə şərait yaratmaqdır.

Yolda faralarınız danışsın, amma düzgün danışsın!

İşıq siqnalları avtomobilin sadəcə texniki funksiyası deyil, təhlükəsiz hərəkətdə mühüm vasitədir. Onlardan düzgün istifadə etmək həm sizin, həm də digər sürücülərin təhlükəsizliyinə təsir edir.

Sükan arxasında bunları unutmayın:

  1. Uzaq işıqları qarşıdan gələn sürücünün gözünü qamaşdıracaq şəkildə istifadə etməyək.

  2. Dönmə göstəricilərini manevrdən əvvəl vaxtında yandıraq.

  3. Faralardan aqressiya, təzyiq və ya mübahisə vasitəsi kimi istifadə etməyək.

  4. Digər sürücünün işıq siqnalını mütləq düzgün mesaj kimi qəbul etməyib, vəziyyəti və yol qaydalarını qiymətləndirək.

  5. Qəza işıqlarından təyinatına uyğun istifadə edək.

Son söz: Yollarda bəzən bir işıq siqnalı min sözün əvəzinə keçir. Amma bunun üçün həmin siqnalın mənasını bilmək və düzgün istifadə etmək lazımdır.

Əziz sürücülər, avtomobilinizin faraları işləyirsə, bu, hələ onlarla düzgün ünsiyyət qurduğunuz demək deyil. Gəlin yollarda işıq şousunu azaldaq, yol mədəniyyətini isə artıraq.

MegaCar.az — sükan arxasında anlayış, yolda qarşılıqlı hörmət!

Reklam sağ

Partnyor olmaq istəyirsən?

Xidmət mərkəzinizi MegaCar platformasına qoşun və yeni müştərilərə onlayn rezervasiya ilə çatın.

Bizə yaz